Alban yolu üstündə Şəkinin Gəncəli məhəlləsi

- 27-04-2025, 20:30
- Bloq
- Elnur Nəciyev
Şəki məhəllələrindən birinin sonunu digər məhəllənin başlanğıcıdır, bu məhəllələrin birindən digərinə dar, dolanbac yollar, cığırlarla keçid var. Giləhli məhəlləsinin sonu, Gəncəli məhəlləsinin başlanğıcı Çay məhəlləsində kəsişir. “Çay məhlə” Qurcanaçayın kənarı boyu yerləşən evlərə, həmin hissəyə deyilir. Bu məhəlləyə 8-ci rayon M.F.Axundov və 28 May küçələri daxildir. Tikilmiş evlərin sıxlığına görə hər iki məhəllə (Giləhli və Gəncəli) arasında bağlılıq var. Bölgü üzrə isə Gəncəli məhəlləsi 8-ci rayon, M.F. Axundov küçəsi hesab edilir.
Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir.
Bu dağ məhəlləsinin də özünəməxsus, müxtəlif dövrlərdə yaranmış toponimləri mövcuddur.
“Müsəlla yeri”
Dağın hündür alp çəmənliyində yerləşən bir sahəyə deyilir. Bu ad hazırda əməli fəaliyyəti baxımından öz əhəmiyyətini itirsə də, yaddaşlarda mənası yaşayır. Bu mərasimlər qədim türk mifoloji dünyabaxışı ilə sıx bağlıdır. Yayda yağış olmadıqda göydən yağış diləyi, Novruzda can isidən yaz günəşinə həsr edilmiş mərasimlər keçirilərdi. Günəşi təsvir edən gəlincik düzəldib, boynundan işıqlı, parlaq muncuqlar asar, nəğmələr oxuyardılar.
“Su dərəsi”
Gəncəli məhəlləsinə ata-babadan 3 cür su gəlir. Taclıq suyu, Hacı Həsən suyu, Çay suyu.
Xan yaylağının ayağında Taclıq adlı qaynamanın suyu arx vasitəsilə məhəlləyə gəlirdi. Məhəllə ağsaqqalı 5-6 nəfər imkanlı qonşularla birgə pul qoyub, onu dulus borular vasıtəsilə məhəllənin tən ortasınacan gətirməyi qərara alırlar. Həmin su gələn arx ayaqaltı olduğu üçün çox murdarlaşırmış. Belə ki, arx dağ yolu ilə Dağıstandan karvansaraya mal gətirən qonşuların, yaxud buradan Dağıstana gedib-gələnlərin ayaqlayıb keçdiyi yolda yerləşirdi. Qərara alanlar işə başlayırlar. Çox çətin, təcrübəli kənkanların köməyilə görülən iş düşünüldüyündən də xeyli çox xərc tələb edirdi. İşə qoşulanlar pulu qurtardıqca kənara çəkilirdilər. Hacı Həsən kişi isə işi başa çatdırmaq istəyində idi. İş Sulu dərə adlı hissəyə gəlib çatmış, o tək qalmışdı. Bundan başqa o, həmin Sulu dərədə təbii bir çeşmə də görmüş, suyun dadı çox xoşuna gəlmişdi. Onu xalis öz xərcilə həyətinə keçirmək fikri də var idi. Hacı Həsən kişi təklif etdiyi bu işdə tək qalandan sonra Taclıq suyunu su boruları ilə Kirəşxana deyilən hissəyə qədər gətirib çıxara bildi. Ondan sonra onun pulu təmiz qurtarır, qəm-qüssə içində qalır. Gəlinləri “Ağa” deyə müraciət etdikləri qayınatalarının bu qəm-qüssəsinin səbəbini qaynana vasitəsilə öyrənirlər. Ona çox böyük hörmətləri olduğu üçün özlərinə məxsus bütün qızıl bəzəklərini, bel kəmərlərini, cərgəgülləri və s. iri bir siniyə doldurub oğlan uşaqlarıyla qaynataya göndərirlər. Qaynanaya da deyirlər ki, ana, Ağaya çatdır ki, biz öz qızıllarımızı sidq-ürəklə veririk. De ki, işini başa çatdırsın. Hacı Həsən kişi doğma qızları təkin sevdiyi gəlinlərinə xeyirdua edərək, əvvəlkindən də böyük həvəslə işə başlayır. 5 kin-ə qədər məsafənin ardını davam etdirdi. Bu dəfə oğlu Süleyman bəy ona yardımçı oldu. Hacı Həsən kişi qocalıb, xəstəhal olduğu üçün işin əsas ağırlığı Süleyman bəyin üzərinə düşürdü. Buna baxmayaraq, Hacı Həsən kişi Su dərəsində gördüyü çeşməni öz həyətinə də gətirir, 1 pay da Zəyzid yolunun ayağında camaat üçün, xüsusən də dağ yolu ilə Zəyziddən gələn yüklü kəndlilər üçün ehsan bulağı qoydurur. Camaat bu suya “Hacı Həsən suyu” deyirlər. XX əsrin 30-cu illərinə qədər, hətta müharibədən sonra da bu bulağa bir qədər su gəlirdi. Müharibədən sonra məhəllənin digər sakini Dadlı oğlu Şirəli bu bulağı təmir etdirib, kürəbəndlərini təmizlətdirmişdir. XX əsrin 50-60-cı illərində “Hacı Həsən” bulağına su gəlirdi. Axundlar məhəlləsinə də həmin bulaqdan bir su xətti çəkilir. Ona da bir müddət su gəlir, sonra gəlmir. Bu söhbəti Süleyman bəyin özündən eşidən Müridlər nəslinin varisi Akif Səttarxan oğlu Məmmədov dedi ki, mən o rəhmətliklərdən eşitmişəm ki, bulaq xəttinin qayğısına gərək daim qalasan. Baxdın, zəhmətini çəkdin, sənindi, baxmadın, itib-batacaq. Bu gün həmin Su dərəsi çeşməsinin suyu istifadə edilir. Uzun illərin müşahidəsindən görürük ki, bu su dişlərə də yaxşı təsir edir.
“Məmmədnəbi hamamı”
Gəncəli məhəlləsində yerləşən bu hamam eyni adlı şəxsin adıyla bağlıdır. Vaxtilə hər məhəllənin öz dəyirmanı, məscidi, yanında bulağı, yaxınlığında isə hamamın tikilməsinin vacibliyi ənənəvi bir hal almışdır. Zamanında belə tikililərin inşası həm də ehsan, savab sayılırdı. Ona görə də belə tikiliyə qol qoyanlar “Tikdimki, izim qala” dəyərinə də əsaslanıb sidq-ürəkdən xərc çəkirmişlər.
“Kirəşxana”
Adından bəlli olduğu kimi, zamanın ən dəyərli tikinti materiallarından olan əhəng kirəş quyularında yandırılıb, emal olunardı. Şəkinin qədim evlərinin hamısı həmin materialdan işləndiyi üçün uzunömürlüdür. Zaman keçib, kirəci yeni-yeni tikinti materialları əvəz edib. Kirəşxana adı da, yeri də, onunla məşğul olanlar da yaddaşlarda qalıb.
“Zəyzid yolu”
Vaxtilə çox işlək olan bir el yolunun adıdır. Ata-babadan şəhərə yaxın kənd olan Zəyzidin əhli dağ yolu ilə gəlib-gedərdilər. Yaşlıların dediyinə görə, XX əsrin 30-cu illərinə qədər qatır və uzunqulaqlara yüklənən səbətlər, kisələri dolu zəyzidlilər çox vaxt Hacı Həsən bulağı ətrafında dincəlmək üçün dayanardılar. Məhəllə camaatı həmin hissəyə Zəyzid məhlə də deyərdilər. Onların Karvansara bazarına gətirdikləri mallardan da alardılar. Yellicə dağı və yaylası adlanan hissə, yenə adından bəlli olduğu kimi sıralanan gözəl mənzərəli dağların birinə deyilir. Gözəl alp çəmənliyi olan bu dağın yay istirahəti üçün misilsiz imkanları var. Güllü təpə, Calğalıx (tut ağacları olan yer), Bulaqlıq, Hünüdərə, Taclı dərə bu dağlara aid yerlərdir. Bu hissələr yerli camaat, xüsusən də dağ döşündə yaşayan məhəllə sakinlərinin çoxunun yaxşı tanıdığı yerlərdir.
Mənbə: Şəkidə məhəllə adları, soylar və ləqəblər, I kitab (qoruq ərazisi). Bakı: "Nafta-Press" nəşriyyatı, 2004.