Orta Zəyzid məbədləri

- 12-04-2025, 10:16
- Kilsələr
- Elnur Nəciyev
Orta Zəyzid kəndində X-XI əsrlərə aid Zəyzid məbədi mövcuddur. Maraqlıdır ki, bu məbədin kitabəsi üzərində dünənə qədər həm bu tarix, həm də abidənin əslində VI-VIII əsrlərə aid olması qeyd olunmuşdu. Bugün bu problem həllini tapıb.
Bu məbəddən savayı kəndin ərazisində daha iki alban kilsəsi var. Bu kilsələrdən biri kəndin aşağısında, digəri isə kəndin yaşlılarının verdiyi məlumata görə kənddən təxminən 5 km şərqə doğru dağın üzərində yerləşir. Əslində ikinci məbəd Bideyiz kəndinə aid edilən və dağın üzərində yerləşən məbədlə eyniləşdirilə də bilər. Sadəcə dağ üzərində və demək olar ki iki kənd arasında yerləşən bu məbədi hər kənd öz ərazisinə daxil olmuş məbəd hesab edir.
Orta Zəyzid kəndindəki birinci və ən böyük məbəd planda şərq tərəfdən yarımdairəvi absida və 3 düzbucaqlı, xaç formalı çıxıntılardan ibarətdir.
Bu abidədə çıxıntıların dərinliyi az olduğundan onların praktiki istifadə əhəmiyyəti yoxdur. Abidənin iki hündür taxçası vardır. Günbəzaltı kvadrat üç qarınaltı tağla və absidanın konxası ilə tərtib edilmişdir. Günbəzin barabanı da daxildən və xaricdən dairəvidir. Abidənin dəqiq nisbəti və incəliyi, kompoziyasının aydınlığı onun Albaniya memarlığında əhəmiyyətli yer tutmasına imkan verir. Məbəd “şirimə” adlanan yonulmuş iri daş kvadratlarla hörülmüşdür. Abidənin tikinti dövrünü V-VIII əsrlərə aid etmək olar. Maraqlıdır ki, VII əsrə aid eyni tipli kilsələrə biz Ermənistanın Artaşavan kəndində də rast gəlirik. Bu Amenaprkiç kilsəsidir. Gürcüstanda isə eyni memarlıq quruluşuna malik olan kilsələrə Kaxetiyanın şərq ərazilərində XI əsrdən sonra rast gəlmək olur. Vilayət Kərimov bu abidənin istər ölçü, istərsə də planına görə bənzərinin VII-XI əsrlərdə bütün Qafqazda yayıldığını yazırdı. O memarlıq üslubu baxımından bu məbədin bənzəri kimi VII əsr Samtsevrisi kilsəsini (Gürcüstan), VII-VIII əsr Aşktarakdakı (Əştərəkdəki) Karmavor kilsəsini (Ermənistan), XII əsr Boboşevo və Sparevabanya kədlərindəki kilsəni (Bolqarıstanda), XI əsrə aid Bunisdə Müqəddəs Dionisi kilsəsini (Serbiya), XI əsrə aid Min bir kilsəni (Türkiyə), X-XI əsrlərə aid Yuxarı Teberdadadakı Sentinski məbədini (Qaraçay Çərkəzdə), X əsrə aid Vışeqrad kilsəsini (Polşa) və digərlərini misal gətirir. Bu məbədlər arasında Sentinski məbədini xüsusilə fərqləndirir. G.Məmmədova kilsəni analoji xüsusiyyətlərə malik Gədəbəy kilsəsi ilə müqayisədə daha incə memarlıq formaları və dekorativ xüsusiyyətlərə malik olmasına istinad edərək bir qədər sonrakı dövrdə, ən geci X əsrdə inşa edilmiş olması ehtimalını önə sürür.
Planda xaçvari formaya malik olan Zəyzid kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin küncləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar (50 sm enə malik) formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yarımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi. Zəyzid kilsəsinin girişi qərb divarında yerləşir. Giriş qapısının eni 90 sm-ə, hündürlüyü isə 1.80 sm-ə çatırdı. Kilsənin divarları fasad hissəsi yaxşı yonulmuş əhəngdaşından inşa edilmişdir. Daşıyıcı divarların qalınlığı 80 sm-ə çatır. Künclərin inşasında həm daxildə, həm də xaricdə yaxşı yonulmuş səliqəli daş bloklarından istifadə edilmişdir. Həmin blokların bəziləri böyük ölçüyə (80x60x20; 75x65x22 sm) malikdir.
Divarların hörgüsündə üyüdülmüş keramika qarışığına malik möhkəm əhəng məhlulundan istifadə edilmişdir. Kilsənin altar hissəsi xaricdən beşbucaqlı formasında həll edilmiş və üç pəncərəyə malikdir. Həmçinin qolların hər birində bir pəncərə vardır. Pəncərə yerlərinin hündürlüyü 1.5 metrə malikdir.
Kilsənin baraban və günbəzinin inşasında künc yerlərinin hörgüsündə istifadə edilmiş yaxşı yonulmuş əhəng daşından istifadə olunmuşdur. Divarların bəzi yerlərində sonrakı dövrlərdə həyata keçirilmiş təmir işləri və üzləmələrin izlərini müşahidə etmək olur. Kilsənin barabanında yalnız bir ədəd 40 sm enə malik pəncərə yeri vardır. Kilsənin günbəzi dövrümüzə çatmadığından tədqiqatçıların onun forması haqqında yalnız fərziyyələr irəli sürürlər. Lakin, inşa edildiyi ilk dövrlərdən kilsənin günbəzə malik olması şübhə doğurmur. V. Kərimov Zəyzid kilsəsindən daha əvvəlki dövrlərə (II-V əsrlər) aid olan Kilsədağ, Ləkit və Mamrux kilsələrində günbəzli qüllə formasının tətbiqinə əsaslanaraq region memarları üçün bunun yenilik olmadığını bildirir. Zəyzid kilsəsinin damında örtük materialı kimi kifayət qədər böyük ölçülərə (34-36x47x49 sm) malik su axıtmadan - yerli və bu cür dərinliyə malik olmayan kirəmit lövhələrdən istifadə edilmişdir. Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir. Kilsənin dövrümüzə çatmış bütün karniz kəmərləri eynitipli mürəkkəb oyma naxışlarla bəzədilmişdir. Dekorativ qabartma və heykəl qalıqları yalnız cənub qolundakı pəncərənin kənarlarında dövrümüzə çatmışdır. Qorelyef pəncərənin bütün dörd tərəfini də əhatə edir. Memarlıq xüsusiyyətləri dekorativ elementləri məbəd ətrafındakı digər tikililər Zəyzid kilsəsinin cənub-qərb küncündə keşiş otağı olması güman edilən kiçik tikilinin xarabalıqları vardır. Tağ, tavana malik digər bir tikili isə Zəyzid kilsəsinin şimal tərəfində yerləşir. Kilsə kapellası (sövmə) olması güman edilən tikilinin giriş və pəncərə yeri şərq divarındadır. Kilsənin şima-qərb tərəfində bir qədər aralıda ciddi dağıntıya məruz qalmış daha bir tikili vardır. Həmin tikili təməl hissəsinə qədər dağılmışdır. Kilsədən bir qədər aralıda erkən orta əsrlərə aid xristian qəbristanlığı və qəbir daşları yerləşir. Kilsənin daxilində, şimal divarının altında aparılan arxeoloji qazıntı işləri zamanı müəyyən edilmişdir ki, tikilinin təməli 30 sm dərinlikdə yerləşməklə 1.20 m qalınlığa malikdir. Təməlin inşasında tünd boz rəngli qaya daşlarından istifadə olunmuşdur. Kilsənin daxilində qazıntılar zamanı sıfır nöqtəsindən 60 sm dərinlikdə heç bir mədəni təbəqə aşkar edilməmişdir. Kilsənin daxilinin təmizlənməsindən sonra sıfır nöqtəsindən 22 sm dərinlikdə mədəni təbəqə və artefaktlar üzə çıxarılmışdır. Orta Zəyziddəki digər məbəd isə ölçü baxımından kiçikdir. Bu məbəd sövmədir. Sövmələr karvan yollarının kənarında kiçik ibadətgahlar rolunu oynayırdı. Alban dini memarlığında həm mehrablı, həm də mehrabsız sövmələrə təsadüf edilir.
Natiq Alışov sövmələrin yolüstü dini abidə olması ilə yanaşı Akif Məmmədli kimi memorial xarakterli olması məsələsini də təsdiqləyir. Belə ki, sövmələrdən kilsə və monastrların həyətyanı sahələrində keşiş və yepiskopların qəbirüstü abidəsi kimi də inşa edilirdi. Lakin hər bir halda Orta Zəyziddəki sövmə səfər edən şəxslər üçün həm yolüstü ibadətgah, həm də sığınmaq üçün təhlükəsiz bir məntəqə olaraq tikilib.
Orta Zəyziddəki bu məbəd ölçü və görünüş baxımından Zaqataladakı Paşan meşəsində (VII-XI əsrlər) və Muxax kəndindəki alban məbədlərinə bənzəyir. Hər iki məbəd çay daşlarından inşa edilib. Orta Zəyziddəki məbədin hansı dövrə aid olması bəlli deyil. Təəssüf ki bu məbəddə aparılmış hər hansı bir tədqiqata rast gəlmədik. Bu məbədin sövmə olmasını və karvan yolları üzərində tikilməsini təsdiq edən mühüm faktlardan biri məbədin Orta Zəyzid kəndindən təxminən 5 km aralıda, Bideyiz istiqamətində dağ üzərində yerləşən digər məbədi və Bideyizdəki alban məbədini birləşdirən alban yolu üzərində yerləşməsidir. Albaniyada bu tip birnefli və sövmə tipli kilsələr V-VIII əsrlərə aid edilir. Orta Zəyziddəki kilsəni də həmin dövrlərə aid etmək olar. Bugün bu məbəd tarixə qovuşmağa çox yaxındır və dağılmaqdadır.