Qədim Alban yolu: keçmişdən bugünə

- 29-03-2025, 03:02
- Digər
- Elnur Nəciyev
Nəhayət ki, uzun müddətli zəhmətin, araşdırmaların və səbrlə görülən elmi işlərin bəhrəsi olaraq, “Qədim Alban yolu” adlı əsərimizin birinci hissəsi işıq üzü gördü. 2024-cü il ərzində həm çöl tədqiqatları, həm zəngin arxiv materiallarının öyrənilməsi, həm də kitabxanalarda aparılan genişmiqyaslı araşdırmalar bu əsərin ərsəyə gəlməsinə səbəb olmuş, onun elmi bünövrəsini təşkil etmişdir.
Təqdim edilən bu kitabda əsas diqqət, qədim Alban irsinin mühüm izlərini daşıyan və bu baxımdan xüsusi əhəmiyyət kəsb edən Şəki rayonu ərazisində yerləşən tarixi abidələrə yönəldilmişdir. Eyni zamanda, Oğuz rayonu üzrə də Alban yolu boyunca yerləşən bəzi məkanlara nəzər salınmışdır. Əsərdə, xüsusilə xristian irsimizin qorunduğu, illərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan abidələrin tədqiqinə üstünlük verilsə də, zaman-zaman xristianlıqla birbaşa bağlılığı olmayan, lakin tarixi baxımdan olduqca dəyərli olan Gələsən-Görəsən, Muxas qalası kimi orta əsr abidələrinə də yer ayrılmışdır.
Əsərin mühüm istiqamətlərindən biri də Şəki bölgəsinin ümumi tarixinə işıq tutmaqla yanaşı, bu bölgənin əhali tarixinə, xüsusilə də burada yaşayan xristian əhalinin say göstəricilərində zamanla baş verən dəyişikliklərin izlənməsinə yönəlmişdir. Tarixi mənbələr, yerli yaddaş və müasir elmi yanaşmalar bu məsələlərin araşdırılmasında əsas rol oynamışdır.
“Qədim Alban yolu” əsəri təkcə tarixçilər və mütəxəssislər üçün deyil, həm də Azərbaycanın xristianlıq tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş dəyərli bir mənbədir. Bu kitab, unudulmaqda olan irsimizi xatırladan, onu yenidən gündəmə gətirən, gələcək nəsillər üçün əvəzsiz bir xəzinədir.
Kitabın giriş hissəsi ilə bu link üzərindən tanış ola bilərsiniz: