“Gələsən-Görəsən” qalası

Image

"Gələsən-Görəsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaradərə meşəsindən və Ot dağından şərqə uzanan yol üzərindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən 322 inventar nömrəsi və “Gələsən-Görəsən” adı ilə XV əsr abidəsi kimi qeydə alınmışdır.

Şəkinin VI-VIII əsrlərə aid edilən Kəldək-Yavuz qalası üçün düzbucaqlı və dairəvi bürclər xarakterikdirsə, XV əsrə aid edilən “Gələsən-Görəsən” qalası üçün ancaq düzbucaqlı bürclər səciyyəvidir. Müharibə təhlükəsi zamanı əhalinin döyüş qabiliyyətli olmayan hissəsi və malqara sığnaqlarda yerləşdirilirdi. Təkcə Kiş çayı dərəsində 5 sığnaq qeydə alınıb ki, onların arasında gizli yollar da mövcud idi. 

"Gələsən-Görəsən" qalası sındırılmış çay daşlarından inşa edilmiş və divarlarının qalınlığı bəzi yerlərdə 2,7 metrə çatan qala hündür bürclərlə (7 metr) əhatə olunub.Qalada əsaslı arxeoloji işlər aparılmasa da, müəyyən vaxtlarda axtarışlar nəticəsində buradan müxtəlif maddi-mədəniyyət nümunələri-bişmiş kərpicdən və çay daşlarından tikilmiş yaşayış evlərinin qalıqları, təsərrüfat quyuları, saxsı qab qırıqları, hovuz, inşaat materialları və s. aşkar olunub.

Qalanın coğrafi mövqeyi, möhkəm divarları və sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib. Bəzi müəlliflər onun tarixini adının daha çox Səfəvilər dövründə xatırlanması ilə əlaqədar XVI əsrə aid etsələr də, bir sıra mənbələr abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini xəbər verir. Məsələn, ərəb müəllifi İbn Ərəbşahın yazdığına görə, 28 iyul 1402-ci il tarixdə baş vermiş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur yolüstü iki istehkamı bir müddət mühasirədə saxlayıb və nəhayət, onları ələ keçirib. Bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası olub.

Əhməd Zəki Vəlidi də “Gəl, gör, get” qalasını indiki “Gələsən-Görəsən” qalası ilə eyniləşdirir. Ehtimal etmək mümkündür ki, həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görəsən" qalasıdır. Qalanın İbn Ərəbşah tərəfindən verilmiş təsviri də məhz "Gələrsən-Görərsən" qalasına uyğun gəlir. Kişlilər "Gələrsən-Görərsən" qalasına "Qız qalası, gah da "Qızlar qalası" da deyirlər. Türk mifoloji düşüncəsində "qız" "alınmazlıq", "məğlubedilməzlik", həmçinin "toxunulmaz­lıq" və "bakirəlik" anlamını ifadə edir. 

2023-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədovun başçılığı altında ərazidə aparılmış arxeoloji qazıntılar zamanı XVI əsrdən sonrakı dövrlərə aid heç bir mədəni təbəqə aşkar edilməmişdir. Buna görə də bu qənaətə gəlinmişdir ki, qala 1551-ci ildə Şah Təhmasib tərəfindən dağıdıldıqdan sonra bir daha bərpa edilməmiş və yenidən istifadə olunmamışdır.

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In