Küngüt qalası

- 7-01-2025, 00:13
- Qalalar
- Elnur Nəciyev
Baş Küngüt kəndindəki yaxşı araşdırılmış tarixi abidələrdən biri Kilsədağın üzərindəki qaladır. Bu qalanın ilkin tədqiqi Firudin Qədirovun adı ilə bağlıdır. O bu barədə ayrıca məqalə də qələmə almışdır. Həmin məqaləsində apardığı tədqiqatın nəticələri ilə bağlı ətraflı məlumat vermişdir. Həmin məqalədən məlum olur ki, 1964-1968-cı illərdə Qəbələ mahalı üzrə istehkam abidələri öyrənmək məqsədi ilə Şəkidə də səfərdə olan F.Qədirov Küngüt qalasını da tədqiq etmək fürsəti əldə etmişdir. Bu qala düzbucaqlı formadadır. Uzunluğu 120 m, eni isə 42 metrdir. Qalanın divar və bürcləri cənub və qərb tərəflərdə nisbətən yaxşı qalmışdır. Divarların qalınlığı 2.65 metr, hündürlüyü isə müxtəlif yerlərdə 2 metrlə 5 metr arası olub, yuxarı hissələri tamamilə dağılmışdır. Qalanın bürcləri tam kvadrat formalıdır. Onun cənub tərəfində olan iki bürc nisbətən salamat qalmışdır.
Onların tərəfləri 8 metrdir. Küngüt qalasının iki darvaza yeri var. Əsas darvaza yeri cənub tərəfdəki divarda yerləşir. Orada olan düzənlikdən qalanın içərisinə doğru qalxan qədim yol və burada bir-birinə yaxın olan iki bürc qalığı bunu sübut edir. Darvaza yerinin dəqiq forma və ölçülərini müəyyən etmək mümkün olmasa da iki bürc arasındakı 6 metrlik məsafə darvazanın yerinin təkərli nəqüliyyatın daxil ola biləcəyi səviyyədə düzəldilməsi qənaətinə gəlməyə imkan verir.
Abidə kirəc məhlulu ilə, çay daşından hörülmüşdür. Onun tikintisində kərpicə və digər inşaat materiallarına təsadüf edilməmişdir. Qala ilkin formasını saxlaya bilməyib. Lakin qala divarlarında mövcud olan bir sıra mazğalların qalığına əsasən demək olar ki, qalanın mazğalları əsasən (40x40sm ölçüdə) kvadrat və bəzi yerlərdə dairəvi formada tikilmişdir. Belə mazğallar Qəbələnin Səlbir hissəsindəki qala divarları üçün də səciyyəvidir. Küngüt qalası öz bürclərinin quruluşuna görə asan və sadə formada tikilmiş qədim müdafiə istehkamlarını xatırladır. 1968-ci ildə Küngüt qalasını arxeoloji cəhətdən öyrənmək üçün abidənin 3 sahəsində - şimal-qərb, cənub və mərkəz sahələrində kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır.
Küngüt qalasında aparılmış arxeoloji qazıntılar nəticəsində mədəni təbəqədə əldə edilmiş saxsı materialların IX-X əsrlərdə geniş istehsal olunan cam formalı şirli qablara aid olduğu müəyyən edilmişdir. Toplanmış şirsiz saxsı qırıları əsasən küp, tava, dopu, qazan, təkayaqlı vaz və süddan formalı gil qab parçalarından və gildən hazırlanmış inşaat materiallarından ibarətdir. Tədqiqatçı Firudin Qədirov Küngüt qalasının əsasının IV-VI əsrlərdə qoyulduğunu, VII-VIII əsrlərdə bu qaladan müdafiə istehkamı kimi geniş istifadə olunduğunu, XI əsrdə Qəbələ və Şəkinin müstəqil feodal hakimliklərinə son qoyulması və ya səlcuqların buraya yürüşləri dövründə dağıldığını qeyd edir. Qalanın əsas giriş darvazası iki tərəfdən dördkünc bürclə qorunub. Küngüt qalasının 1300-1400 il əvvələ aid olduğu deyilir, lakin bunun üçün ayrıca tədqiqatlara ehtiyac var.
Kilsədağ ərazisindəki alban məbədi də diqqəti cəlb edir. Bu abidənin tarixi ilə bağlı hər hansı bir məlumat, yaxud da abidənin qorunmasına dair hər hansı bir löhvə yoxdur. Tədqiqatçı A.Qaraəhmədova qala girişindən 10-12 m aralı şərqə tərəf olan hissədəki (qaladan çöldə) bu məbədin VI-VII əsrdə tikildiyini güman edirdi. Tikinti üslubuna görə Orta Zəyziddəki sövməyə bənzəyir. Lakin ondan fərqli olaraq bir qədər iridir, lakin interyerləri bir-birinə çox yaxındırlar.