Bideyiz kəndi

- 28-12-2024, 22:21
- Kəndlər
- Elnur Nəciyev
Alban yolu üzərində yerləşən dağ yolu ilə Orta Zəyzidlə əlaqəsi olan kəndlərdən biri də Bideyiz kəndidir. Bu kənd Küngüt çayının (Əyriçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Bu kəndin Hacı Nəbilər, Əciklər, Korlar, Çay qırağı, Söyüd uşağı, Orta məhəllə, Dağ dibi məhəlləsi, Məscid məhləsi, Həşimlər məhləsi vardır. Bu məhəllələrdən üçü – Dağ dibi, Çay qırağı və Orta məhəllə o birilərindən böyükdür. Kəndin ortasından keçən yola bütün tərəflərə çıxan yollar var, yollar rahat olduğuna görə kəndə piyada və ya maşınla getmək olur.
Yollar qumlu və düzən olduğu üçün maşınlar qışda da asan hərəkət edir. Kəndin yaxınlığındakı dağlıq ərazidə Alban kilsəsi yerləşir. Min ildən artıq tarixi olan bu kilsə öz möhkəmliyini qoruyub saxlamışdır. Həmin kilsədən xeyli sayda tarixi əşyalar tapılmışdır. Kilsə ətrafında yerləşən düzənlik ərazilərdə isə təsərrüfat işləri vaxtı xeyli küp qəbirlərə də təsadüf edilmişdir. Qeyd edək ki, Bideyiz kəndində iki məbəd var. Bu məbədlərdən biri artıq qeyd etdiyimiz kimi kəndə çox yaxın ərazidə yerləşən, XII əsrə aid edilən məbəddir. Digər məbəd isə bu abidədən təxminən 4-5 km aralıda yarımçıq kilsə kimi də tanınan məbəddir.
Şəkinin digər kəndlərində də təsadüf etdiyimiz kimi burada da qədimi alban məzarlarına təsadüf edilib və qəbirlərin əksəriyyəti də güclü yağış nəticəsində sahədə açılan yarğandan 2,5 metr dərinlikdən qəbirlərin çıxmasıdır. Qəbirlərin forması çox uzun olub, hər tərəfi hörülmüş, cəsəd üzüyuxarı qoyulmuş, yenə daşla örtülmüşdür.
Bideyizdəki XII əsrə aid edilən abidə barədə Zelik Yampolski “e.ə. III-I əsrlərdə qədim Albaniya” əsərində məlumat vermişdir. O yazırdı ki, bu məbədə insanlar şəfa tapmaq məqsədi ilə gəlirdi. Baş Küngütdə olduğu kimi Bideyizdəki məbədin də kitabəsi çıxarılıb. Bideyiz məbədi də çay daşlarından inşa edilmiş və hazırda yarımdağılmış vəziyyətdədir. Kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olmuşdur. Kilsənin interyeri arka və nişlərlə bəzədilmişdir. Apsidanın şimal tərəfində kiçik köməkçi tikili yerləşir. IV-V əsr alban kilsələri üçün xarakterik olan bu xüsusiyyət Bideyiz kilsəsini Azərbaycan ərazisindəki digər alban kilsələri – Mingəçevir və Gavur qala məbədləri ilə yaxınlaşdırır.
Erməni tədqiqatçısı S.Q.Karapetyan Şəki və Qəbələnin alban irsinə dair məqaləsində Bideyiz kəndini Partez, alban məbədini isə X-XI əsrlərə aid Müqəddəs Georgi kilsəsi kimi təqdim edir. O kilsənin iki giriş qapısının - cənub və şimal fasaddan qapılarının – olmasını qeyd edir və ardınca da yazır ki, kilsənin yeganə pəncərəsi qərb fasadındadır. Bu məbəd görünüş baxımından Baş Küngüt məbədinə oxşardır. Bu da həmin abidələrin eyni dövr abidələri olmasını düşünməyə imkan verir.