Baş Kəldək kəndi

- 28-12-2024, 22:30
- Kəndlər
- Elnur Nəciyev
Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsindəki kənddir. Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdəndir. Kənd ərazisində 4 qəbiristanlıq var. Kənd Küngüt çayının sahilində yerləşir. Keçmiş adı Kəldək olmuşdur.
Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir. Aşağı Kəldəkin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub.
Tarixi qaynaqlarda Baş Kəldək variantında da qeydə alınmışdır. Azərbaycan toponimiyasında kəldək "daşlı sahə", gəldək "məhsuldar yer", "dincə qoyulmuş torpaq sahəsi" kimi izah olunur. Oykonim "yuxarı Kəldək kəndi" mənasındadır. Baş Kəldək Şəkidən təqribən 32 km şərqdə yerləşir. Kənd hər tərəfdən sıra dağlar ilə əhatə olunmuşdur və Şimalda Dağıstanla həmsərhəddir. Baş Kəldək həmçinin Oraban, Bideyiz və Baş Küngüt kəndləri ilə qonşudur.
Baş Küngütlə sərhəddə Küngüt çayı axır və güclü yağışlar zamanı kəndə ziyan vururdu. Bunun qarşısını almaq üçün 2012-ci ildə kəndin kənarında ümumi uzunluğu 900 m olan bəndlər tikilmişdir. Baş Kəldək ərazisində Sasanilər dövrünə aid alban irsi hesab edilən Gavur qala abidəsi yerləşir. Bu məbəd VI əsrə aid edilir. Şəki rayonunun Baş Kəldək kəndində yerləşən 326 inventar nömrəli Gavur qala ölkə əhəmiyyətli memarlıq abidəsidir. Hal-hazırda abidənin yerləşdiyi yüksəkliyin ətəyinə Şəki yaylası istirahət mərkəzinin ərazisindən asma körpü ilə yol var. Abidə Azərbaycanın xristianlıq tarixi ilə bağlı olub Sasanilər dövrünə aid olsa da, yerli əhali arasında daha çox Həzrəti Əli qalası kimi də tanınır. Buna səbəb abidənin yüksəklikdə yerləşməsidir. Abidə Azərbaycan Respublikasının alban irsi abidələri siyahısına daxildir. Abidənin aşağısında qalanı su ilə təmin etmək üçün iri su hovuzu var.