Oraban kəndi

Image

Oraban  Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənddir. Dəniz səviyyəsindən 800-900 metr yüksəklikdə olan kənd rayon mərkəzindən 30 km aralıda yerləşir. Oraban kəndi şərqdən Oğuz rayonunun Muxas kəndi, şimaldan Baş Kəldək kəndi, şimal-qərbdən Baş Küngüt kəndi, cənubdan meşə massivi ilə əhatələnir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. Kəndin adı 1824-cü il kameral təsvirində Araban kimi, 1888-ci il Yelizavetpol quberniyası üzrə nəşr edilmiş statistik topluda isə Oraban formasında qeyd olunur. Oraban Şəkinin digər kəndləri ilə müqayisədə I Qarabağ Müharibəsinə qədər daha çox alban tarixini qoruyub saxlamışdır. Lakin əhali arasındakı yanlış təbliğat bu kəndin xristianlıq abidələrinin tamamilə yer üzündən silinməsinə səbəb olmuşdur. Bugün bu kənddə xristianlığa aid heç bir abidə qalmayıb. Bu kəndin əhalisi də XIX əsrin sonlarından eitbarən getdikcə müsəlmanlaşmış və bugün kənd əhalisi tamamilə müsəlmanlardan ibarətdir.

Bu gün Orabanda qədim alban məbədi artıq tarixə qovuşub və kəndin ərazisindəki alban məzarlığı da baxımsız vəziyyətdədir. Kəndin yamac hissəsində yerləşən bu məzarlıqda məzar daşları formasına görə Calut, Orta Zəyzid və Baş Küngütdəkilərlə eynidir və hətta eyni dövrü belə paylaşması ehtimal edilə bilər. 

Oraban oykonimini fars mənşəli oura (qala) və məkan bildirən-van komponentlərindən düzəlib, "qala hasarı olan yer, və ya qala yeri" mənasını bildirir. Nəzərə alsaq ki van şəkilçisi Azərbaycanın Naxçıvan, İrəvan, İcevan kimi yer yurd adlarında da var. Oraban adında sadəcə v-b əvəzlənməsi baş vermiş və tarixin müəyyən dönəmində kənd Oravan kimi də tanınmışdır. Oura sözünün qala, yaxud qala divarı mənasını verməsini məşhur fars dili lüğəti Dehxodadan da görmək mümkündür. Oraban kəndində iki alban kilsəsi olmuş lakin zamanla dağıdılmışdır. 

Oraban kəndi üzrə bu gün müxtəlif ləqəblər və soyadlardan istifadə edilir: “Cığıtlar, Mollalar, Ballılar, Damanlar, Bahbahlar, Dəlləklər, Dönbələr, Cınqıdımlar, Süd Əhməd, Dərvişin Cabbarı, Cığıt Məhəmməd, Dom-dom İsa, Dood Cəlil, Kirəş Dadaş, Balavan Səfər, Fındıq Süleyman, Ləvərək Novruz, Mürüd Məhəmməd, Xan Əsli, Şəddə Şövkət, Kətənə Şövkət, Bəğ Abbas”. Kəndin tarixi ilə bağlı demək olar ki, hər hansı bir məlumat əldə etmək mümkünsüzdür. Kənddə gələcəkdə arxeoloji kəşfiyyat işləri aparılarsa tapılan maddi mədəniyyət nümunələri əsasında kəndin qədim tarixinə işıq salmaq mümkün ola bilər. 

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In