Bucaq kəndi

Image

Alban yolu üzərində yerləşən bir digər kənd Bucaq kəndidir. Bucaq kəndi bu gün Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi dairəsinə daxildir. Bu kənd rayon mərkəzindən 12 kilometr qərbdə, Oğuz-Şəki şosse yolunun sağında, Daşağılçayın sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Kəndin adını bayır-bucaq türkmənləri ilə də eyniləşdirirlər.

Yəni kəndin adı etnotoponim kimi də izah edilir. Bu adda noqay tayfalarının bir qolu da mövcud olmuşdur. Hətta bu versiyadan irəli gələrək Baş Daşağıl və Bucaq kəndinin sakinlərini xristian türklərə - qaqauzlara bağlayanlar da var. Məsələn, Əli Şamil Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə aldığını yazır. Kənddəki Komrat baba piri ilə Moldovadakı Komrat arasında paralellər qurur. Lakin bu barədə tam olaraq fikir söyləmək çətindir. Bunun üçün linqvistik, etnoqrafik, arxeoloji tədqiqatlara ehtiyac duyulur. Bucaq adının coğrafı izahı da var. Məsələn, Azərbaycanda Zaviyə adlı toponimlər var (Naxçıvanda bu adda məhəllə, mədrəsə var). Onların da mənası ərəb dilindən tərcümədə künc-bucaq mənası ifadə edir. Yəni kəndin yerləşdiyi coğrafi mövqeyə də belə bir izah verilə bilər. Oğuzdakı, eləcə də Azərbaycan Respublikasının digər rayonlarındakı (Kürdəmir, Neftçala, Yevlax) "Bucaq" toponimləri bugünkü mövcud coğrafi mövqeyinə görə yox, bucaqların tarixən daşıdıqları və özləri ilə gətirdikləri ada görə belə adlanmışlar. Türkiyədə Bucaq, Moldovada Bucaq çölü və Bucaq adlı yaşayış məntəqəsi var.

XIX əsrdə kəndin ərazisində Güllü Bucaqlı adlı icma olmuşdur. Sonralar onların bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaqlı adlanmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə Qozlu Bucaq da adlanırdı. Bucaq kəndi dağlar və meşələrlə əhatə olunmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 575 metrdir. Əlverişli coğrafi mövqedə yerləşir. Dağıstan sərhədinə çıxan Daşağıl keçidinin qarşısındadır. Gürcüstan sərhədindən başlanan qədim şosse yolu kəndin ərazisindən keçərək Qəbələ - Şamaxı xətti ilə Bakıya çıxır.

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In