Vərəzət kəndi

Image

Alban yolu üzərindəki bir digər tarixi kənd Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsinə daxil olan Vərəzət kəndidir. Kəndin dağətəyi ərazidədir. Şəki şəhərinin Gəncəli məhəlləsindən bu kəndə dağ yolu var.

Bu yol Vərəzət yolundan çox, Zəyzid yolu kimi tanınır. Şəki şəhərinə yaxın olan Zəyzid əhli dağ yolu ilə gəlib-gediş üçün bu yolu istifadə edərdi. Hətta bu yol üzərində Hacı Həsən bulağı deyilən yer də var. XX əsrin 30-cu illərinə qədər qatır və uzunqulaqlarla yüklənən səbətlər, kisələri dolu zəyzidlilər çox vaxt bu bulaq ətrafında dincəlmək üçün dayanardı. Məhəllə camaatı həmin hissəyə Zəyzid məhlə də deyərdilər. Onların Karvansara bazarına gətirdikləri mallardan da alardılar. Zəyzid yolu boyunca Yellicə dağı və yaylası, Güllü təpə, Calğalıx (tut ağacları olan yer), Bulaqlıq, Hündürdərə, Taxlı dərə kimi yerlər vardır. Qiyasəddin Qeybullayev bu kəndin adını fars dilində “təpə, yüksəklik, dik, yoxuş” mənasında olan vərəzət sözü ilə eyniləşdirir. Bu kənd Orta Vərəzət kimi də tanınır. Kənddə hər hansı bir alban məbədi olmasa da alban yolu üzərində zəyzidlilər üçün mühüm əhəmiyyət kəsb etmiş yaşayış məntəqəsi olduğunu ehtimal edə bilərik.

Bu gün Vərəzət kəndi ərazisində xristianlıq tarixinə dair hər hansı bir əlamət müşahidə etmək mümkün deyil. Bu kənddə son illərdə inşa edilmiş Vərəzət məscidi, Çələngəz abidə kompleksindəki türk şəhidliyi kəndin ən dəyərli tarixi yadigarlarıdır. Bununla belə bu kənd alban yolu üzərində Orta Zəyziddəki məbədlərə aparan tarixi bir ərazidir. 

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In