Şəki şəhəri

- 12-04-2025, 11:58
- Şəki
- Elnur Nəciyev
"Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 31 oktyabr 2018-ci il Sərəncamının birinci bəndinin icrası üçün yaradılmış bu internet portalı "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin edir. Bu məlumat bazası "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı görüləcək işlər üçün mənbə və istinaq nöqtəsi rolunu oynayacaq. Bu məlumat bazası Şəkinin maddi və qeyri-maddi mədəni irs nümunələri ilə yanaşı onun təbii irsi hesab edilən ünsürləri (ağacları və təbii landşaft yerlərini) də qeydiyyata almışdır.
Şəki şəhəri
Azərbaycan Respublikasının şimal-qərbində yerləşən Şəki şəhəri ən qədim yaşayış məskənlərimizdən biridir. Ən azından Şəki şəhərinin 2700 illik tarixi aparılan tədqiqatlarla sübuta yetirilib. Şəkinin Albaniya dövrü tarixinə nəzər salmazdan öncə onun alban dövrü tarixi üçün çox mühüm əhəmiyyət kəsb edən kimmer, iskit və sak türklərlə bağlılığı məsələsinə də diqqət yetirmək lazımdır. İstər Şəkinin adı, istərsə də orada tapılmış tapıntılar Şəkinin iskit-sak yurdu olmasını deməyə əsas verir. “Sakasena” – “Sakların yurdu” adı ilə tanınan Şəki və onun ətraf əraziləri Azərbaycanın Arazdan şimaldakı bütün tarixi torpaqlarını əhatə edən Azərbaycan Albaniyasının ən mühüm vilayət lərindən biri idi. Azərbaycanda Sakların yadigarı olaraq Sakasena toponimi ilə yanaşı, Ərsak, Sisakan, Sakan, Balasakan kimi yer-yurd adları da Albaniya dövründə mövcud olmuşdur.
Albaniya dövrünə gəldikdə I əsrinin ortalarından başlayaraq Şəkinin ictimai-siyasi həyatında mühüm proseslər baş verir və Müqəddəs Yeliseyin təşəbbüsü ilə Şəkinin Gis kəndi (indiki Kiş kəndi) ərazisindəki qədim tanrıçılıq məbədi yerində Albaniyanın və bütövlükdə Qafqazın ilk xristian məbədi inşa edilir. Alban tarixçisi Musa Kalankatlı Kiş məbədini Şərqin ilk ana kilsəsi adlandırır. İstər Sasanilər dövründə, istərsə də ərəb işğalları ərəfəsində daxili müstəqilliyini qoruyub saxlamış Azərbaycan Albaniya dövlətinin şimal-qərb torpaqlarında xəzərlər və hun türkləri yaşayırdı. Onların Şəki istiqamətində hücum larını dəf etmək üçün Sasani şahı Xosrov Ənuşirəvanın zamanında (531-579-cu illər) Şəkidə qala divarları möhkəmləndirilir və “Şəki darvazaları” inşa edilir. Bu sədd 620-ci ildə xəzərlərin yürüşü zamanı ciddi ziyan görmüşdür. Albaniyanın qanuni varisi kimi meydana gəlmiş və “albanların çarı” titulunu özündə saxlayan Şəki əmirliyi 886-1104-cü illərdə, təxminən 230 ildən çox mövcud olmuşdu.
XIV əsrin 30-cu illərində Hülakular dövlətinin tənəzzülü və parçalanması ilə yenidən müstəqillik əldə etdi. Oyrat qəbiləsi Şəkini müstəqil şəkildə idarə etməyə başladı. Səfəvilər 1551-ci ildə Şəki hakimliyi üzərinə yürüş etdi. 20 gün davam edən hücumundan sonra Kişin qala divarları və bürcləri dağıdıldı. Qalanın rəisi Mahmud bəy müqaviməti davam etdirməyi faydasız hesab edərək qala qapısının açarlarını şaha təqdim etdi və təslim oldu. Şəki hakimliyi ləğv olundu.
1743-cü ildə müstəqil Şəki xanlığının yaranması ilə şəhərin inkişafı üçün yeni tarixi imkanlar yaranmışdı, lakin düzən ərazidə yerləşən Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağıldı. Bu hadisədən sonra sakinlər bir qədər yuxarıda, dağlıq ərazidə yerləşən Nuxa kəndinə köçərək indiki şəhərin əsasını qoydular.
Həmin tarixdən etibarən Şəkidə dörd fərqli şəhərsalma-memarlıq təbəqəsi formalaşıb:
1. Xanlıq dövründən qalan şəhərsalma-memarlıq üslubu: 1772-ci ildə Nuxa şəhəri Şəki xanlığının yeni siyasi mərkəzinə çevrilir, burada tacirlər məskunlaşır, ənənəvi sənətkarlıq və ipəkçilik inkişaf edir
2. Çar Rusiyası dövrü: çarlıq dövrü şəhərin orta əsr Azərbaycan memarlıq üslubuna yeni rus və Avropa elementlərini əlavə edir.
3. Sovet dövrü: şəhərdə yeni inzibati binalar inşa edilir
4. 1991-ci ildən başlayaraq müstəqillik dövrü: yeni ictimai binalar və özəl tikililər, həmçinin mehmanxanalar inşa edilir.
Bütün bu fərqli təsirlərə baxmayaraq, ərazinin təbii məhdudiyyətləri – üç tərəfdən dağlarla əhatə olunması səbəbindən Şəkinin tarixi ərazisi öz ilkin şəhər quruluşunu mühafizə edib. Vizual tamlığını qoruyub saxlamış dağ vadisi fonunda şəhər peyzajında hələ də ənənəvi tarixi binalar üstünlük təşkil edir.
"Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu"
Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə Şəki şəhərinin tarixi hissəsini qorumaq məqsədilə Azərbaycan sovet hakimiyyəti tərəfindən təsis edilib. Qoruğun təsdiq edilmiş inzibati sərhədləri daxilində ümumi sahəsi 283 hektar təşkil edir. Şəki şəhərinin ümumi əhalisinin 20%-i (13500 nəfər) qoruq ərazisində məskunlaşıb. Bunun nəticəsində qoruq ərazisi sıx məskunlaşmış şəhər yeri səciyyəsi daşıyır (hər kvadrat kilometrə 482 nəfər).
Qoruq ərazisində dövlət əhəmiyyətli 9 tarixi-memarlıq, 1 arxeoloji və 1 park-monumental abidə, yerli əhəmiyyətli isə 15 tarixi-memarlıq abidəsi var. Bununla yanaşı, qoruq idarəsi daha yüzlərlə binanı (yaşayış evləri, fabriklər, sənətkarlıq dükanları və s.) tarixi-memarlıq abidələrinin siyahısına əlavə etməyi təklif edir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu gözəl təbiəti və bitki örtüyünə malik dağlıq ərazidə yerləşir. Öz səciyyəvi hündür damları, geniş eyvanları və bağları ilə gözoxşayan ənənəvi Şəki evləri əzəmətli dağ yamaclarının fonunda tarixi şəhər landşaftının ardıcıl və xarakterik vizual bütövlüyünü təşkil edir. Şəkini əhatə edən bu təbii landşaft onun taleyində olduqca əhəmiyyətli rol oynadığından, təxminən 72 km2-lik sahədə qərar tutan bu təbiət ərazisi şəhərinin tarixi irsinin ayrılmaz bir hissəsidir. Şəhərin quruluşu və böyümə qanunauyğunluğu onun iqtisadi həyatı və əlaqəli fəaliyyətlərlə yanaşı, həm də yerləşdiyi ərazinin topoqrafiyasına birbaşa bağlı idi.
Bir sözlə, Şəki şəhərinin tarixi hissəsi, hal-hazırda Yuxarı Baş qoruğu adı altında mühafizə olunan ərazi, XVIII əsrin sonlarından etibarən öz ənənəvi xarakterini qoruyub saxlayan memarlıq ansamblının gözəl nümunəsidir. Burada binaların tikintisində kərpic və çay daşı kimi yerli materiallara, kirəmitlə örtülü hündür maili damlar kimi yerli elementlərə üstünlük verilirdi. Daşqın və leysanlardan sığortalanmaq üçün yanmış kərpiclərin istifadəsi geniş yayılmışdı. XX əsrin əvvəllərinə kimi Şəkinin əsas iqtisadi fəaliyyəti olan ipəkçiliklə bağlı olaraq tut ağacları yetişdirməyə imkan verən böyük bağlar salınırdı.