Şəki karvansarayları

- 12-04-2025, 12:50
- Digər
- Elnur Nəciyev
Yuxarı Karvansaray
Bu möhtəşəm abidəni yerli sənətkarlar tikib, öz planı, quruluşu, böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Cənubi Qafqazda məşhur olub. Karvansarayın ümumi sahəsi 6000 kvadratmetrdir. Hündürlüyü küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metrdir. Bina 300-dək otaq və zirzəmidən ibarətdir. Ölçüsünə, tutumuna görə Azərbaycan ərazisində qeydə alınan ən böyük karvansaraydır. Karvansarayların hər ikisinin əsas fasadı çaya tərəf yönəlib. Memarlar sahənin sıldırımlı relyefindən, bir neçə metrə çatan maililikdən çox gözəl istifadə ediblər. Karvansaraylarda yük heyvanlarını, atları bağlamaq üçün çoxlu yer və hovuzlar da var imiş.
Aşağı Karvansaray
Yuxarı Karvansarayın aşağı hissəsində tikilmiş Aşağı Karvansarayın ümumi sahəsi 8000 kvadratmetrdir. 242 otaq və zirzəmisi var. Karvansaray dörd yandan böyük giriş qapısı ilə əhatə olunub. Darvazalar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir. Aşağı Karvansarayda Şərq karvansaraylarına xas cəhətlər var. Təəssüflər olsun ki, belə bir tarixi memarlıq abidəsi uzun müddət istifadə edilmədiyindən və baxımsız qaldığından qəzalı vəziyyətə düşüb. 2010-cu ilin yanvar ayında Aşağı Karvansarayda təmir-bərpa işlərinə başlanılıb. Binanın 5197 kvadratmetrlik dam örtüyü yenidən bərpa edilib, kirəmitlə örtülüb. İkitaylı 4 darvaza, 170 pəncərə, 128 qapı yenilənib, 30 tağbənd qurulub, istinad divarları hörülüb, otaqlardan zirzəmilərə qapılar açılıb. Təmir-bərpa işləri davam etdirilir.