Baş Zəyzid kəndi

- 28-12-2024, 22:19
- Kəndlər
- Elnur Nəciyev
Baş Zəyzid Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənddir. Zəyzid çayının sahilində Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Baş Zəyzid variantında da qeydə alınmışdır. Oykonim "yuxarı Zəyzid kəndi" deməkdir.
Maraqlıdır ki, Orta Zəyzidə aid edilən Xaçvari kilsə kimi də tanınan alban abidəsi bəzən yanlışlıqla Baş Zəyzidin abidəsi kimi təqdim olunur. Halbuki daha öncə də qeyd etdiyimiz kimi abidənin kitabəsində məbədin məhz Orta Zəyzidə aid olması və ərazi baxımından da məhz həmin kəndin ərazisinə düşməsi məlum olur.
Həmin abidədən bir qədər 15-20 m aşağıda yerləşən uzanıb gedən qədimi divarların qalıqları var ki, bu qalıqlar çox güman ki məbədin ərazisinin divarlarıdır. Bu divarlar AMEA Arxeologiya və Antropogiya İnstitutunun əməkdaşı, alban irsinin tədqiqatçısı, t.ü.f.d. Ellada Bəkirovanın verdiyi məlumata görə kifayət qədər böyük bir ərazini əhatə edir və kəndin aşağısına doğru uzanıb gedir. Təəssüf ki indiyə qədər bu istiqamətdə kəşfiyyat işlərini nəzərə almasaq hər hansı bir tədqiqat aparılmayıb.
Üstəlik yaxınlıqda qədim qəbristanlıq ərazisi (qədim alban qəbristanlığı olduğu deyilir) də var.
Bu abidələrin vəziyyəti qənaətbəxş deyil, qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.