Baş Küngüt kəndi

Image

Şəki rayonunda alban yolu üzərindəki növbəti kənd Küngüt çayının* sahilində, Qızılqaya dağının ətəyində yerləşən Baş Küngüt kəndidir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur.

Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur. Kəndin içərisindən isə Qaraçay adlı kiçik çay axır. Eyni adlı inzibati ərazi dairəsinin mərkəzidir. Bu ərazi dairəsinə Bideyiz kəndi də daxildir. Baş Küngütə yaxın, Küngüt çayının yuxarı axarı boyunda hündürlüyü 2191 m olan Boyundağ adlı dağ var. Oronim boyun (dağ aşırımı) və dağ (müsbət relyef forması) komponentlərindən düzəlib, "aşırımlı dağ" deməkdir. Baş Küngüt kəndi ərazisində orta əsrlərə aid Küngüt qalası var. Toponimin ikinci komponenti XIII əsrdə monqol işğallarında iştirak etmiş türkdilli küngüt tayfasının adı ilə eyniləşdirilir. Etnotoponimdir. Oykonim "yuxarı Küngüt kəndi" mənası verir. Bu kənddən köçənlər Şəkidə Aşağı Küngüt kəndinin də əsasını qoyublar. “Qafqaz təqvimi”nin 1856-cı il nəşrində Xaçmaz məntəqəsinin tatar (türk) dilində danışan Küngüt tatar (türk) kəndi qeyd olunur. Qiyasəddin Qeybullayev, Afad Qurbanov da bu adı türk tayfası kimi izah edir.

 Küngüt kəndinin adını ixtisasca geoloq olan Mühiddin Fərhadoğlu Adam Metsin əsərində qeyd etdiyi Kunkəndin adı ilə eyniləşdirir. Lakin tam olaraq demək olmaz ki, Küngüt topinimi Kunkənd sözündən təhrif edilib. Bir başqa versiyaya görə kəndin adının Gün qut, yəni Gün tanrı anlamı verməsidir. Ümumiyyətlə qut sözü bu gün də türk xalqlarında geniş istifadə edilir. 

Baş Küngüt kəndinin məscidinin imamı, Mollalar nəslindən olan Habil Hümmətovdan aldığımız məlumata görə bu kəndin Bəkirlər, Məktəb qabağı, Xələtlər, Boça, Şixallar (Şeyxalılar), Süvərlər, Mollalar (Zaqatalanın Muxax kəndindən gəlmə nəsil hesab edilir), Koğuşlar, Çay qırağı, Əmbərabad adlı məhəllələri var.  Baş Küngütdə Kilsədağ adlanan hissədə, kənd qəbristanlığının yuxarısında orta əsrlərə aid Küngüt qalasının qalıqları, alban məbədi, alban məzarlığı kimi maraqlı tarixi abidələr var. Baş Küngüt kəndindəki yaxşı araşdırılmış tarixi abidələrdən biri Kilsədağın üzərindəki qaladır. Bu qalanın ilkin tədqiqi Firudin Qədirovun adı ilə bağlıdır. O bu barədə ayrıca məqalə də qələmə almışdır. Həmin məqaləsində apardığı tədqiqatın nəticələri ilə bağlı ətraflı məlumat vermişdir. Həmin məqalədən məlum olur ki, 1964-1968-cı illərdə Qəbələ mahalı üzrə istehkam abidələri öyrənmək məqsədi ilə Şəkidə də səfərdə olan F.Qədirov Küngüt qalasını da tədqiq etmək fürsəti əldə etmişdir. Bu qala düzbucaqlı formadadır. Uzunluğu 120 m, eni isə 42 metrdir. Qalanın divar və bürcləri cənub və qərb tərəflərdə nisbətən yaxşı qalmışdır. Divarların qalınlığı 2.65 metr, hündürlüyü isə müxtəlif yerlərdə 2 metrlə 5 metr arası olub, yuxarı hissələri tamamilə dağılmışdır. Qalanın bürcləri tam kvadrat formalıdır. Onun cənub tərəfində olan iki bürc nisbətən salamat qalmışdır. Onların tərəfləri 8 metrdir. Küngüt qalasının iki darvaza yeri var. Əsas darvaza yeri cənub tərəfdəki divarda yerləşir. Orada olan düzənlikdən qalanın içərisinə doğru qalxan qədim yol və burada bir-birinə yaxın olan iki bürc qalığı bunu sübut edir. Darvaza yerinin dəqiq forma və ölçülərini müəyyən etmək mümkün olmasa da iki bürc arasındakı 6 metrlik məsafə darvazanın yerinin təkərli nəqüliyyatın daxil ola biləcəyi səviyyədə düzəldilməsi qənaətinə gəlməyə imkan verir.  

Abidə kirəc məhlulu ilə, çay daşından hörülmüşdür. Onun tikintisində kərpicə və digər inşaat materiallarına təsadüf edilməmişdir. Qala ilkin formasını saxlaya bilməyib. Lakin qala divarlarında mövcud olan bir sıra mazğalların qalığına əsasən demək olar ki, qalanın mazğalları əsasən (40x40sm ölçüdə) kvadrat və bəzi yerlərdə dairəvi formada tikilmişdir. Belə mazğallar Qəbələnin Səlbir hissəsindəki qala divarları üçün də səciyyəvidir. Küngüt qalası öz bürclərinin quruluşuna görə asan və sadə formada tikilmiş qədim müdafiə istehkamlarını xatırladır. 1968-ci ildə Küngüt qalasını arxeoloji cəhətdən öyrənmək üçün abidənin 3 sahəsində - şimal-qərb, cənub və mərkəz sahələrində kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. 

Küngüt qalasında aparılmış arxeoloji qazıntılar nəticəsində mədəni təbəqədə əldə edilmiş saxsı materialların IX-X əsrlərdə geniş istehsal olunan cam formalı şirli qablara aid olduğu müəyyən edilmişdir. Toplanmış şirsiz saxsı qırıları əsasən küp, tava, dopu, qazan, təkayaqlı vaz və süddan formalı gil qab parçalarından və gildən hazırlanmış inşaat materiallarından ibarətdir. Tədqiqatçı Firudin Qədirov Küngüt qalasının əsasının IV-VI əsrlərdə qoyulduğunu, VII-VIII əsrlərdə bu qaladan müdafiə istehkamı kimi geniş istifadə olunduğunu, XI əsrdə Qəbələ və Şəkinin müstəqil feodal hakimliklərinə son qoyulması və ya səlcuqların buraya yürüşləri dövründə dağıldığını qeyd edir. Qalanın əsas giriş darvazası iki tərəfdən dördkünc bürclə qorunub. Küngüt qalasının 1300-1400 il əvvələ aid olduğu deyilir, lakin bunun üçün ayrıca tədqiqatlara ehtiyac var. 

Kilsədağ ərazisindəki alban məbədi də diqqəti cəlb edir. Bu abidənin tarixi ilə bağlı hər hansı bir məlumat, yaxud da abidənin qorunmasına dair hər hansı bir löhvə yoxdur. Tədqiqatçı A.Qaraəhmədova qala girişindən 10-12 m aralı şərqə tərəf olan hissədəki (qaladan çöldə) bu məbədin VI-VII əsrdə tikildiyini güman edirdi. Tikinti üslubuna görə Orta Zəyziddəki sövməyə bənzəyir. Lakin ondan fərqli olaraq bir qədər iridir, lakin interyerləri bir-birinə çox yaxındırlar. 

 Baş Küngüt kəndində Albaniyanın xristianlıq tarixinə şahidlik edən qədim qəbristanlıq mövcuddur. Çay və ya qaya daşından olmaqla üzəri sal daşlarla örtülən torpaq qəbirlər Şəkinin yalnız Baş Küngüt kəndində deyil, Orta Zəyzid, o cümlədən Oğuz rayonunun Calut, Kərimli kəndlərində və digər ərazilərdə çoxluq təşkil edir. Bu cür qəbir tiplərinə Albaniyanın digər erkən orta əsr abidələrində də rast gəlinir. Belə qəbirlərin kamerası torpaqla doldurulmuş, üzəri bəzən ağacla da örtülmüşdür.

Azərbaycan tarixşünaslığında, içərisində sıx bükülü skeletlər olan torpaq qəbirlər-Yaloylutəpə mədəniyyətinin, bir qədər sonralar isə, onunla birgə mövcud olmuş və ondan sonra bir neçə əsr ərzində yaşamış, Albaniya ilə qonşu olan vilayətlərdə də məlum olan küp qəbirlər mədəniyyətinin alban tayfalarının vəhdətinin arxeoloji inikası olduğu qəbul edilmişdir. Şəkinin antik və ilk orta əsr qəbir abidələri içərisində küpdə dəfnetmə mühüm yer tutmuşdur. Azərbaycanın rast gəlinən küp qəbirlərinin əksəriyyəti üfüqi istiqamətdə yerləşdirilsə də, Şəki ərazisində şaquli şəkildə basdırılan küp qəbirlərə də təsadüf edilmişdir. Cənubi Qafqaz üçün  küp qəbirlər e.ə.VIII əsrlərdən bizim eranın VIII əsrinə qədərki dövr üçün xarakterikdir. 


* Küngüt çayı Qanıx çayının sol qolu olan Əyriçayın sağ qoludur və mənbəyini Saylaxan dağının yamacından 3200 m. yüksəklikdən alır. Aşağı axarında (Alazan-Əyriçay vadisində) suvarma üçün geniş istifadə edilir.

Baş Küngüt məscidi

Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In