Calut kəndi

- 28-12-2024, 22:54
- Kəndlər
- Elnur Nəciyev
Calut Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzidir. Rayonun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şosse yolunun sağında, Baş Qafqazın ətəyindədir. Calut kəndi Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Burada hazırda qədim və orta əsrlərə aid arxeoloji və memarlıq abidələrindən Alban kilsəsinin, Alban məbədinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları var ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Calutun adı alban tayfalarından biri olan çol, çul tayfaları ilə eyniləşdirilir. Çul tayfası Qafqaz Albaniyasının (bugünkü Azərbaycan Respublikası) şimal-şərqində yaşamışdır. Eramızın ilk əsrlərində Dərbənddən cənubda bir şəhər Çol-Çul-Çala adı ilə məlumdur. "Çul" etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Çallı (Zərdab) və s. kəndlərin adında saxlamışdır.
Oğuzdakı Calut da (əvvəllər Calud, Çalud, Çalut da deyilib) həmin kəndlərdən biridir. Burada "çul"–"çal"a (çul-çal-cal) çevrilmişdir. "Cal" (çal)– "böyük, başçı" anlamındadır. "ud" (ut-it-üt) isə cəmlik bildirən şəkilçidir. Deməli, "Calut" (Calud, Çalud, Çalut) toponimi "ucada duranlar, böyüklər, başçılar, ulular" anlamını daşıyır. Caluq variantında da qeydə alınmışdır. Cal/cil Azərbaycanda "sucaq yer", "otlu bataqlıq", "çay qollarının birləşdiyi yer"ə deyilir. Toponim coğrafi obyektin landşaftı haqqında məlumat verir.Oğuz rayonunun Calut kəndində V–VI əsrlərə aid Calut alban monastırı yerləşir. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir.