Kiş kəndi

Image

Kiş kəndi Şəki şəhərinin 5 km-də yerləşir. Kənd Şəki şəhəri ilə müqayisədə daha əlverişli coğrafi mövqeyə malikdir. Yüksəklikdə yerləşməsi onu təbiət hadisələrinin fəsadlarından qorumuşdur. Kəndi əhatə edən dağ və dərələr onun müdafiəsi üçün münasib şərait yaratmışdır.

Kiş kəndinin ortası ilə kiçik dağ çayı Qurcana çayı axır. Kişin sağ sahili ilə axan və onu Şəkidən ayıran çay isə Kiş çayı, yerli əhalinin dili ilə Böyük çay adlanır. Bu çayın kənddən yuxarıda Doğrunca və Damarçın (Qaynar çay da adlanır) adlı qolları var. Kiş tarixi bir kənddir.

Maraqlıdır ki, 1590-cı il tarixli “İrəvan əyalətinin icmal dəftəri” adlı mənbədə Qərbi Zəngəzur ərazisi olan Sisyan nahiyəsində həm Şəki, həm də Ortakiş kəndlərinin adları qeyd olunur. Bu Azərbaycanın iki tarixi ərazisindəki xristianlıq tarixi arasındakı bağlılığı göstərir. Həm də Şəkinin sak türklərinin adı ilə əlaqəli olmasını bir daha təsdiq edir. Çünki Sisian nahiyəsi formasına düşmüş toponimin belə ilkin versiyası məhz Sisakandır.  

            Bu gün Şəki kəndləri içərisində bəlkə də ən çox araşdırılan kəndlərdən biri məhz Kiş kəndidir. Bu kəndin ərazisindən axan çaylar boyunca toponimlər belə təsbit edilərək öyrənilmişdir. Məsələn Kiş kəndinin əsas su mənbəyi olan Böyük çay, Doğrunca və Damarçın, kəndin ortası ilə axan Qurcana çayları boyunca müxtəlif toponimlər məlumdur. Məsələn Dolğuncanın sağ istiqamətində Qolaban dağı (xalq arasında ayılar yaşayan dağ), Şəki talası, Alıölən dərə, Kolludərə, Qarağacseki, Qaradab çayı (dərəsi), Qarpız bulağı, Qızılqaya, Göytəpə, Qızılbərə (xalq arasında Dağıstan postu), Dərəçuxur, Təkəçuxur, Çuxadurmaz çayı (Kiş çayının sol qolu), Çuxadurmaz dağı (3561 m.), Dolğuncanın sol istiqamətində Ağlıtaladağı, mustafa talası, Sarıgüney, Banditlər binə, Donuzca, Civreyil, Laski (Layısqı kəndi ilə oxşardır), Laskinin talası, Cəngişqını, Ağsular, Ergeqayası, Qurudərələr qeydə alınıb.

 Damarçın çayının oriyentiri üzrə sağ istiqamətində Eydi dağ, Hacılar talası, Kiçik Hacırvan (Hacı İbrahim mənasında), Böyük Hacırvan, Sıxnax, Şövətər, Darvazalar Çayqarışan, Meşəbaşı, Xudunun körpüsü, Damarçın yaylağı, sol istiqamətində isə Qaladərəsi, Güllatanlar, Qvrıdaşıgələn, İridaş, Pir qaya, Qaratorpaq, Qalaqayası, Xutgər, Həmzəyaylağı, Kəm, Sarıdaş, Xurcunlar, Əsgərpapağı ərazisi yerləşir. Qaynar çayının oriyentiri üzrə sağ istiqamətində Xan talası, Baydurud, İşqınlı dərə, Girintov, Çalbayır, sol istiqamətində isə Götürxoca, Saqqınlar (Sakhunlar), Şüd, Marxalgələn, Qarağaclıdərə, Maralbulağı, Usufun yeri, Qaranəmlər toponimləri qeydə alınıb.

Son olaraqsa Qurcana çayının oriyentiri üzrə sağ istiqamətində Süddü axı, Deqaldərəsi, Qaltax, Atuşandərə, Korbulaq, Aşağıtörə, Tuxarıtörə, Əhmədaxısı, Şumutəpə, İmamaxısı, Muncuqludərə, sol istiqamətində isə Yağnalıdərəsi, Uzunsarma, Çalmıx Üçqocatalası, Maxbrey, Böyük Maxbrey, Soyuqsu, Armutlu, Gölbatandərə, Quzeysarma, Noru bulaq, Qıcalıdərə, Aşağıyaylaq, Orta sirt, Atuçan yaylağı yerləşir. Kişdə Xan, Çələngəz, Bitticə, Qoturlu, Qızıldərə, Göytəpə, Donuzca, Kəm, Xurcunlar, Qaynar, Maral bulağı, Ağsu yaylaqları var.

Bu toponimlərlə yanaşı Kiş kəndinin 15 məhəlləsi var: üzü şimala doğru Böyükçay boyunca Doxun, Tahirlər, Dərə, Cour məhəllələri, Qurcanaçay boyunca aşağıdan yuxarıya doğru Yanıxlar, Salayuşağı, Bədələr, Tatar uşağı məhəllələri, Qurcanaçay ilə Böyük çay arasında yuxarıdan baxdıqda ikiçayarası görünüşdə şimaldan cənuba doğru Kiş kəndinin şərq hissəsi boyunca Dodu uşağı, Duluzlar (dulusçular), Layişlər (misgərlər), Vələmmədlər, Xan Tamar, Maaflar və Gavan məhəllələri. Kişin alban tarixi ilə bağlı ən mühüm abidələrindən biri sözsüz ki, Kiş kilsəsidir ki, bu abidə Maflar məhəlləsində yerləşir. Kişdə yalnız alban məbədi deyil, Gələsən-Görəsən qalası da var, lakin bu qala Kənddən bir qədər aralıda və Kiş çayının yuxarı axarında yerləşir.

Kiş kəndinin həm qədim məhəllələri və onlarda müdafiə divarlarının qalıqları kəndin qədim tarixindən xəbər verir. Kilsənin ən qədim bünövrəsi yeni eranın I-III əsrlərində daha qədim bir məbədin qalıqları üstündə tikilmişdir. Bu məbədin keçmişinin bütpərəst məbədi olması ehtimal edilir. Sadəcə xristianlığın rəsmi səviyyədə qəbulundan sonra abidə xristian abidəsinə çevrilmişdir. Kiş məbədi daha çox dövrün mənbələrində V əsr hadisələri ilə bağlı olaraq xatırlanır. 

Kiş yepiskopluq mərkəzi olmuşdur. XIX əsrin 50-60-cı illərində Qafqazdakı ruslar tərəfindən Şəkiyə köçürülmüş ermənilər Kiş kəndinin kilsəsini təmir edib memarlığını saxtalaşdırmışdılar. Maraqlıdır ki, Şəki şəhəri və Şəki əyalətinin kameral təsvirlərində 1824-cü il üçün Kişdə bir nəfər də olsun xristian qeydə alınmamışdır. Əksinə əhalinin hamısı müsəlman olaraq xatırlanır. Təsadüfi deyil ki, Kişdə bugün Kişin qərbində, Salayuşağı ilə Bədələr məhəllələri arasında Həşpirim Baba piri, Tataruşağı məhəlləsində Cumay ocağı, Salayuşağı ilə Bədələr arası Məmməd Baba ziyarəti, Kiş kəndindən, hətta Gələsən-Görəsən qalasından 7-8 km. şimalda Pir Qaya kimi ziyarətgahların olması da buna işarədir.

Bu ziyarətgahlar xalqın adət-ənənələrini də özündə yaşatsa da, bir tərəfdən də islamla bağlıdır. Kiş kəndində yerləşən Müqəddəs Yelisey kilsəsi, yəni Kiş məbədi bir nefli məbədlərə aid edilir. Nef kilsənin mərkəzi hissəsidir. Kilsəsinin mərkəzi dəhlizi və ya bir kilsənin arxa divarı ilə kəsişməsinin ən uc nöqtəsi arasında olan əsas gövdəsi və dəhlizdəki transept adlanan çarpaz belə adlanır. Kişdəki kilsə də bu tip abidələrə aid edilir. Bu abidə barədə alban tarixçisi M.Kalankatlı yazır ki, xristianlığın təbliği üçün şərqə təyin edilən Yelisey Gisə (Kişə) gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin bağlanğıcıdır və biz Şərqlilərə xristianlığın qəbul edilməsi mənbəyidir. Kiş kilsəsi Kiş çayının sahilində yüksəklikdə yerləşir. Marxala gedən yoldan daha yaxşı görünür.  XX əsrin 20-ci illərində kilsədən məscid və məktəb kimi də istifadə ediblər. Kilsə ilə bağlı müxtəlif rəvayət və hekayələr də var.  Belə rəvayətlərdən birinə görə abidənin yanındakı uzunsov 5-6 metr hündürlüyündə böyük bir daş vardır ki, əhali bu daşın müxtəlif xəstəliklərə dava olmasına inanır. Yaxud da kilsə ərazisində təsərrüfat işləri vaxtı gənc qadın məzarı aşkarlanmış, lakin qorxuya düşən kəndlilər molla çağırıb qəbri yenidən torpaqlayıblar. Məbədin  şərqində yarımkürəvi apsidası (qövs və yay mənasını verir, əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir.) olan günbəzli kompozisiyadır. Məbədin tərtibatı alban zal kilsələrinə xas olan üslubdadır. Azacıq uzunsov proporsiyaya malik olan ibadət zalı bir cüt pilyastrla (memarlıqda divara yapışdırılmış sütun şəklində istifadə edilən bir tikinti texnikasıdır. Binalarda bəzək elementi kimi istifadə olunur) iki hissəyə bölünüb. Məbəsin giriş qapısı qərb divardadır. Qərb, şərq və şimal divarlarında pəncərə yerləri var. Cənub divarındakı iki pəncərədən biri kərpiclə bağlanıb. Məbəd iri alt həcmdən və onun üstündə ucaldılan çadır şəklində dam örtüyünə malik hündür barabandan ibarətdir. Abidənin alt və üst hissəslərinin kəskin nisbət fərqləri burada aparılmış yenidənqurma işlərindən xəbər verir. Kilsə əhəngdaşından tikilib. Divar yuxarıda karnizlə tamamlanır. Üstü yarımdairəvi olan giriş ikiqat tağla haşiyələnmişdir. Pəncərə yerləri isə 3 yarımvallı profilli haşiyə ilə bəzədilib. Hörgü xarakteri, dekorunun bəsitliyi və sadəliyi qədimliyindən xəbər verir. Kiş məbədi memarlığındakı gümbəzli zal tipli kilsələrə aid edilməsi onu Mamrıx və Ləkit kilsələri ilə oxşar hörgü tərzindən xəbər verir. Kiş məbədinin memarlıq üslubu ümumiyyətlə alban memarlığının IV-V əsrlər tarixi üçün xarakterikdir. 2000-ci ilin fevralında Azərbaycan-Norveç, birgə Kiş layihəsi üzrə işlər başlandı. 2000-2001-ci illərdə kilsə ərazisində arxeoloji tədqiqatlar aparıldı. Məbədin altar (qurbangah) hissəsinin tədqiqi ilə qurbanlıq heyvanların qəbirləri aşkarlandı. Kilsə ərazisindəki qazıntılar tunc dövründən son orta əsrlərə qədər olan bir dövrü əhatə edən qəbirlərin aşkarlanmasına səbəb olmuşdur. Kilsənin giriş qapısı önündəki eramızın I əsrinə aid sərdabə nadir tapıntılardandır. Məbədin ilk tikintisi düzbucaqlı dörbucağa yaxın formada olub. Çay daşlarından tikilib. Bu təməl I-III əsrlərə aid edilir. İkinci tikinti mərhələsinin izləri kilsənin yalnız təməlində qalmışdır. Bu təməldə məbədin planı dəyişməyib. Üçüncü mərhələdə məbədin planı dəyişib xristian kilsələrinə xas kanonik quruluş verilib. Apsidasının döşməsi ibadət zalının döşməsindən 20 sm yuxarı qaldırılıb. Dördüncü mərhələdə pilyastraların kəsikdə T-şəkilli forma alması, onların üstündə atılan tağların gücləndirilməsinə dəlalət edir. Apsidanın döşəməsi daha 30 sm qaldırılır.   

İnşaat texnikası və dekoruna görə Şəki və Qax rayonlarındakı məbədlər oxşardır. Tikilmə texnikasına görə Küngüt və Bideiz kəndlərindəki kilsələr Kiş abidəsinə oxşardırlar. Hər 3 kilsənin eyni keyfiyyətli və eyni ölçülü daşlardan tikilməsi, eləcə də divarlarının oxşar hörgü üslubu göstərir ki, onlar təxminən eyni vaxtda və eyni daş materiallarından tikilib. Kiş məbədinin pəncələrinin haşiyələri və karnizlərinin profili Yeddi Kilsə və Zəyzit məbədlərinki ilə eynidir.     

Bu kilsə ətrafında ilk dəfə A.Qaraəhmədov qazıntı şurfu qoymuş və qərb hissədə şurf daxilində heç bir avadanlığı olmayan iki torpaq və bir daş qutu qəbir aşkarlanmışdır. Qəbir kilsə döşəməsindən 1,5 metr dərinlikdə aşkarlanmışdır.Şərq qazıntı şurfu müxtəlif dövrlərə aid keramika və kərpic nümunələri ilə zəngin olmuşdur. Bu materiallara əsaslanan tədqiqatçının kilsənin tarixini V əsrə aid etmişdir. Tədqiqatçı qeyd edir ki, abidə planda düzbucaqlı olub zalın şərq hissəsi yarımdairəvi abidə ilə tamamlanır. Daxilində müqəddəslərin əksini göstərən freska izlərinə rast gəlinmiş və altarın mərkəzində düzbucaqlı mehrab daşı qeydə alınmışdır. V.H.Kərimov tərəfindən Kiş abidəsində arxeoloji qazıntılar vaxtı məbəd daxilində 3 skelet aşkar edilmişdir. Hər 3 qəbir IV-VIII əsrlərə aid edilir. Kişdəki qəbirlərdə kub şüşə və ətir qabları, flakonlar tapılmışdır ki, bunu da xristian adətinə görə ailə üzvlərinə aid xüsusi qab kimi izah edirlər və bu xüsusi qab müqəddəs hədiyyəni əldə etmək üçün nəzərdə tutulur. Kişdə xaç da aşkar edilib. Rəşid Göyüşov xaçları Albaniya üçün 3 qrupa ayırır: qanadları olan xaçlar, uzunsov qanadlarında qoşa dairəvi qanadlar olan xaçlar və qanadları 3 lələləklə tamamlanan xaçlar. R.M.Vahidov isə Mingəçevir xaçlarını təsnif edib və onları 3 qrupa bölüb: əldə tutulan xaçlar, başqa əşyalara sancılan xaçlar və boyundan asılan xaçlar. Kişdə aparılan tədqiqatlar vaxtı ağ rəngdə xaç forması verən maddi mədəniyyət nümunəsi aşkar edilmişdir. 

Kiş məbədnin arxeoloji qazıntıları nəticəsində aşkar edilmiş torpaq, daş qutu və sərdabə tipli qəbirlərin bəzilərindən insan sümüklərinin parçaları götürülmüş, radio-karbon metodu ilə analiz edilmiş və bunun əsasında həmin skeletlərin yerləşdiyi qəbirlərin 980-1060-cı illərə aid olması təsdiqlənmişdir.

Kişdə bir vaxtlar Kiş qalası da mövcud olmuşdur. Hazırda bu qala mövcud deyil, sadəcə həmin qalanın bünövrə divarlarının qalıqları bugün Salayuşağı məhəlləsində qorunub saxlanılır. Kişin bir digər əhəmiyyətli tarixi abidəsi isə Gələsən-Görəsən qalasıdır. "Gələsən-Görəsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaradərə meşəsindən və Ot dağından şərqə uzanan yol üzərindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən 322 inventar nömrəsi və “Gələsən, görəsən” adı ilə XV əsr abidəsi kimi qeydə alınmışdır. Şəkinin VI-VIII əsrlərə aid edilən Kəldək-Yavuz qalası üçün düzbucaqlı və dairəvi bürclər xarakterikdirsə, XV əsrə aid edilən “Gələsən-görəsən” qalası üçün ancaq düzbucaqlı bürclər səciyyəvidir. Müharibə təhlükəsi zamanı əhalinin döyüş qabiliyyətli olmayan hissəsi və malqara sığnaqlarda yerləşdirilirdi. Təkcə Kiş çayı dərəsində 5 sığnaq qeydə alınıb ki, onların arasında gizli yollar da mövcud idi. 

   Gələsən-Görəsən" qalası sındırılmış çay daşlarından inşa edilmiş və divarlarının qalınlığı bəzi yerlərdə 2,7 metrə çatan qala hündür bürclərlə (7 metr) əhatə olunub. 

   Qalada əsaslı arxeoloji işlər aparılmasa da, müəyyən vaxtlarda axtarışlar nəticəsində buradan müxtəlif maddi-mədəniyyət nümunələri-bişmiş kərpicdən və çay daşlarından tikilmiş yaşayış evlərinin qalıqları, təsərrüfat quyuları, saxsı qab qırıqları, hovuz, inşaat materialları və s. aşkar olunub. Qalanın coğrafi mövqeyi, möhkəm divarları və sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib. Bəzi müəlliflər onun tarixini adının daha çox Səfəvilər dövründə xatırlanması ilə əlaqədar XVI əsrə aid etsələr də, bir sıra mənbələr abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini xəbər verir. Məsələn, ərəb müəllifi İbn Ərəbşahın yazdığına görə, 28 iyul 1402-ci il tarixdə baş vermiş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur yolüstü iki istehkamı bir müddət mühasirədə saxlayıb və nəhayət, onları ələ keçirib. Bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası olub. Əhməd Zəki Vəlidi də “Gəl, gör, get” qalasını indiki “Gələsən, görəsən” qalası ilə eyniləşdirir.Ehtimal etmək mümkündür ki, həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən" qalasıdır. Qalanın İbn Ərəbşah tərəfindən verilmiş təsviri də məhz "Gələrsən-Görərsən" qalasına uyğun gəlir. Kişlilər "Gələrsən-Görərsən" qalasına "Qız qalası, gah da "Qızlar qalası" da deyirlər. Türk mifoloji düşüncəsində "qız" "alınmazlıq", "məğlubedilməzlik", həmçinin "toxunulmaz­lıq" və "bakirəlik" anlamını ifadə edir.

2023-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədovun başçılığı altında ərazidə aparılmış arxeoloji qazıntılar zamanı XVI əsrdən sonrakı dövrlərə aid heç bir mədəni təbəqə aşkar edilməmişdir. Buna görə də bu qənaətə gəlinmişdir ki, qala 1551-ci ildə Şah Təhmasib tərəfindən dağıdıldıqdan sonra bir daha bərpa edilməmiş və yenidən istifadə olunmamışdır.


Şərhlər

Fikri bildir

yenilə, əgər kod görünmürsə

Sign In