Alban yolunda: Şəki–Baş Küngüt- Bideyiz Kəndlərinə Səyahət

- 15-04-2025, 17:57
- Marşrut
- Elnur Nəciyev
Qafqaz Albaniyasının unudulmuş izləri ilə dolu tarixi bir yürüşə çıxmaq istəyirsinizsə, bu marşrut tam sizlikdir. “Alban yolu” boyunca keçirəcəyimiz bu ekspedisiya bizi Azərbaycanın şimal-qərbində yerləşən qədim alban mədəniyyətinin izlərini daşıyan müqəddəs məkanlara və təbiət mənzərələrinə aparacaq.
Yürüşə Şəki şəhərindən başlayaraq, ilk dayanacağımız Qafqaz Albaniyasının ilk xristian məbədlərindən biri olan Kiş məbədi olacaq. Daha sonra qədim dağ yolları ilə Orta Zəyzit məbədinə çatacaq, buradakı abidələrin ruhuna toxunacağıq.
Yol boyu gözəl dağ mənzərələri ilə əhatələnmiş Gələrsən-Görərsən qalasını ziyarət edəcəyik – bu qala həm təbii gözəlliyi, həm də simvolik tarixi ilə yadda qalacaq.
Yürüş zamanı Baş Küngüt kəndindəki qədim kilsə və qəbiristanlıq ziyarət ediləcək, burada alban arxitekturasının izləri araşdırılacaq. Sonda isə Bideyiz kəndinə çataraq burada yerləşən iki qədim alban kilsəsi və digər tarixi abidələrlə tanış olacağıq.
1-ci GÜN: Şəki- Vərəzət- Orta Zəyzit - Baş Küngüt
Səhər yeməyindən sonra Şəki şəhərinin tarixi Gəncəli məhəlləsinə yola düşürük. Buradan Vərəzət kəndi istiqamətində dağ yolu ilə yürüşə başlayırıq. Məhəllənin yuxarı hissəsindən Şəkinin füsunkar mənzərəsini seyr edir, təbiətin gözəlliyindən zövq alırıq.
Təxminən 2 saatlıq yürüşdən sonra Vərəzət kəndinə çatırıq. Burada qısa bir fasilə verdikdən sonra Orta Zəyzid kəndinə doğru yürüşümüzü davam etdiririk. Kəndə çatdıqda Xaçvari Zəyzid kilsəsini və tarixi Zəyzid sövməsini ziyarət edirik. Bu qədim tikililər Azərbaycan tarixinin dərin izlərini daşıyır və səyahətimizi daha da maraqlı edir.
Orta Zəyziddən yolumuzu Baş Küngüt kəndinə davam etdiririk. Burada yerləşən tarixi Alban kilsəsini ziyarət etdikdən sonra Küngüt kəndini gəzib, gecəni kənddəki qonaq evində qalırıq.
-
Marşrutun uzunluğu: 20 km
-
Müddət: 6-8 saat
-
Ən alçaq nöqtə: 666 m
-
Ən yüksək nöqtə: 1157 m
-
Marşrutun başlanma yüksəkliyi: 570 m
-
Marşrutun bitmə yüksəkliyi: 860 m
2-ci GÜN: Baş Küngüt - Bideyiz kəndləri
Baş Küngüt kəndində Bideyz Kəndinə yola düşürük. Bideyiz kəndini gəzdikdən sonra kəndin yuxarısında yerləşən birinci Alban məbədinə gedirik. Məbədi gəzdikdən sonra daha yüksəkdə yerləşən ikinci kilsəyə gedirik. Gəzintimizi tamamlayıb Bideyz kəndinə geri dönürük və səyahətimizi tamamlayırıq.
-
Marşrutun uzunluğu: 10 km
-
Müddət: 6-8 saat
-
Ən alçaq nöqtə: 685m
-
Ən yüksək nöqtə: 1064m
-
Marşrutun başlanma yüksəkliyi: 685m
-
Marşrutun bitmə yüksəkliyi: 685m
Lazım Olan Ləvazimatlar:
-
Bel çantası (40-50 l)
-
Su keçirməz bot (Waterproof)
-
Külək və yağış keçirməz geyim (gödəkçə,şalvar) (Gore-tex)
-
Tozluq
-
Yürüş çubuqları
-
Gün eynəyi, papaq, günəş kremi və s.
-
Əlcək, papaq
-
Corab (sintetik)
-
Alın fanarı
-
Ilk yardım çantası (şəxsi dərman və s.)
-
Termos və su qabı
-
Qida və su ehtiyyatı
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır